Rusiyaya LNG sanksiyaları sərtləşir

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı mayeləşdirilmiş təbii qazın (LNG) təkrar ixracına qadağa da daxil olmaqla 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Aİ-nin müvəqqəti prezidenti Belçikanın rəsmi sosial media hesabında yer alan yazıda “Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq güclü və mühüm 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər” ifadələri yer alıbdır

Logistik.az xəbər verir ki, yazıda yeni sanksiyaların məqsədyönlü tədbirlər gördüyü və paketin mövcud sanksiyalardakı boşluqları da aradan qaldıracağı qeyd edilib.

Hələlik tam təfərrüatları açıqlanmayan yeni sanksiyalarla Aİ ilk dəfə olaraq Rusiyanın LNG-yə qarşı məhdudlaşdırıcı tədbirlər görəcək.

Bu paket uzun müddətdir ki, üzv dövlətlər arasında müzakirə olunurdu. Yeni paketə xüsusilə enerji sanksiyalarının əleyhinə olan Macarıstan qarşı çıxdı. Macarıstanın narahatlığı atom elektrik stansiyası investisiyalarına qarşı sanksiyaların tətbiq olunmayacağına dair zəmanətlə aradan qaldırıldı.

Almaniya da ixracatçı şirkətlər qarşısında mümkün yeni öhdəliklər səbəbindən paketin əleyhinə idi. Bu tədbir də paketdən çıxarıldı və Almaniya ilə razılaşdırıldı.

Qeyd edək ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 13 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən qızıl və almaz, o cümlədən neft və kömür kimi geniş məhdudiyyətlər tətbiq edilməkdədir.