
Çin limanlarında 2024-cü ilin ilk beş ayında konteyner ötürmə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb və bu göstərici 132,8 milyon TEU konteyner təşkil edir.
Logistik.az xəbər verir ki, yanvar-may aylarında ümumi konteyner həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb.
Dünyanın ən işlək limanlarından biri olan Şanxay Limanı bu dövr ərzində 20,9 milyon TEU konteyner ötürmə qabiliyyətini elan edib ki, bu da illik müqayisədə 6,6 faiz artımı əks etdirir.
Eyni zamanda, Ningbo Zhoushan Limanında konteyner həcmi əvvəlki il ilə müqayisədə 9,3 faiz artaraq 15,8 milyon TEU-ya yüksəlibdir.
Ən yaxşı performans göstərən Çin limanları arasında Beibu Körfəz Limanı, ilin ilk beş ayında ümumi konteyner həcmini 3,51 milyon TEU-ya çatdıraraq, 19,1 faizlik nəzərə çarpacaq artım əldə edibdir.
Qeyd edək ki, konteyner həcmlərinin artması ilə yanaşı, konteyner daşıma tariflərində də əhəmiyyətli artım hiss olunub. Ningbo Konteynerli Yük İndeksi (NCFI) 2024-cü ilin iyun ayında orta hesabla 2658,1 punkt təşkil edib.
“NCFI” tərəfindən qiymətləndirilən 21 marşrutdan 16-da yükdaşıma tariflərində aylıq artım, 5 marşrutda isə azalma müşahidə olunub. Ningbodan Avropaya və Aralıq dənizinə gedən ticarət yolları xüsusilə qiymət artımları ilə üzləşmişdir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı