Mərakeş Afrikanın ən böyük təmizləyici qurğusunu tikir

Mərakeş Afrikanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlayıb.
Mərakeş ölkənin qərbində Afrikanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başladığını elan edib.

Mərakeşin rəsmi xəbər agentliyinin (MAP) məlumatına görə, Dar əl-Beyda şəhərində qurulacaq dəniz suyunun duzsuzlaşdırılması zavodu bütün mərhələlər tamamlandıqdan sonra hər il 300 milyon kubmetr suyu təmizləyəcək.

Dəyəri 650 milyon dollar olacaq obyekt 50 hektar sahədə qurulacaq. Birinci mərhələ 2026-cı ildə tamamlandığında Dar əl-Beyda və ətraf şəhərlərdə 200 milyon kubmetr su ilə ildə 7 milyon 500 min insanın su ehtiyacını qarşılayacaq.

Mərakeşdə daşqınlar və quraqlıq kimi iqlim dəyişikliyi ilə bağlı problemlər mühüm sektorları, xüsusilə də kənd təsərrüfatını təhdid edir.

Bu il kənd təsərrüfatı mövsümü başlayanda ölkədə kifayət qədər yağıntı olmayıb. Havanın temperaturunun gündən-günə artması və qışda gözlənilən yağıntının olmaması ölkə iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərib, quraqlıq təhlükəsi yaranıb.

Hökumət daha əvvəl 2020-2027-ci illər üçün içməli su və suvarma üçün su təchizatı üçün 12 milyard dollar investisiya ilə milli proqramı təsdiqləmişdi.

Mərakeşdə anbar tutumu 19,1 milyard kubmetr olan 150 iri bənd və 266 kiçik və orta tutumlu bənd, həmçinin tikilməkdə olan daha 17 bənd var.